BAKI, 21 iyul. TELEQRAF

“Məqsədimiz növbəti mərhələyə adlamaqdır. Bu cür oyunları çox keçirmirik. Bilirik ki, “Neftçi”nin səviyyəsi yüksəkdir”.

Teleqraf xəbər verir ki, bu sözləri Belarusun “Dinamo”nun baş məşqçisi Aleksandr Şaqoyko UEFA Konfrans Liqasının II təsnifat mərhələsində sabah “Neftçi” ilə keçiriləcək oyun öncəsi mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis qarşılaşmaya yaxşı hazırlaşdıqlarını deyib:

““Rəqibimiz çox yaxşı komandadır. Güclü heyətə malikdir. Üstəlik, baş məşqçiləri də təcrübəlidir. Kombinasiyalı futbol sərgiləyirlər. Bir sözlə, “ağ-qaralar” barədə təəssüratlarım yüksəkdir”.

Şaqoyko şansları bərabər dəyərləndirib:

“Oyuna qədər şanslar hər zaman bərabərdir. Bu dəfə də belə olacaq. Təbii ki, bizim məqsədimiz var və onun üçün çalışacağıq. Başa düşürük ki, güclü rəqibə qarşı oynayacağıq. “Neftçi” həqiqətən yaxşı, güclü komandadır. Oyunun əhəmiyyətini də yaxşı dərk edirik. Matça ciddi yanaşırıq, görüşə də yaxşı hazırlaşmışıq. Cütün taleyi iki oyunda həll olunacaq”.

Belarus təmsilçisinin avrokubok matçlarını doğma meydanda keçirə bilməməsinə də toxunan baş məşqçi bunun komanda üçün çətinlik yaratdığını söyləyib:

“Təbii ki, evdə oynamağı çox istərdik. Hər halda, öz azarkeşlərimizin qarşısında oynamaq başqadır. Amma təəssüf ki, hazırda bu alınmır. Daha çox səyahət etməyə məcburuq. Bu da müəyyən çətinliklər yaradır. Əlbəttə ki, istəyərdik azarkeşlərimiz önündə oynayaq. Bu, bizə 100 faiz kömək edərdi”.

Qeyd edək ki, iyulun 22-də “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Dinamo” (Minsk) oyunu saat 20:00-da başlayacaq.