“Sevindiricidir ki, ilk görüşlə müqayisədə fiziki hazırlıq və texniki baxımdan irəliləyiş hiss olunur”.
Teleqraf xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Azər Məmmədov klubun mətbuat xidmətinə açıqlamasında deyib. Mütəxəssis yoxlama görüşünün hazırlıq dövrünün ikinci mərhələsinə təsadüf etdiyini bildirib:
“Bu matçın hazırlığına dörd gün idi ki, başlamışdıq və gündə iki dəfə məşq edirdik. Futbolçular həm məşqlərdə, həm də oyunda özlərini yaxşı tərəfdən göstərməyə çalışırdılar. Təbii ki, çatışmayan məqamlar da var”.
Azər Məmmədov bir neçə mövqe üzrə transfer danışıqlarının davam etdiyini vurğulayıb:
“Bir neçə mövqedə futbolçularla danışıqlar gedir. Seleksiya işlərini yekunlaşdırmaq üzrəyik. Daha çox çalışmalıyıq ki, çatışmayan cəhətlərimizi aradan qaldıraq”.