BAKI, 21 iyul. TELEQRAF
“Mənim belə arzum var ki, “Neftçi” 90-cı ildönümündə çempion olsun. Klub buna layiqdir. Bundan başqa, Konfrans Liqasının qrup mərhələsində də oynamaq istəyirik. Bunun üçün zamana ehtiyacımız var”.
Teleqraf xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Yuri Vernidub UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Belarusun “Dinamo” (Minsk) komandasına qarşı keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında deyib.
Ukraynalı mütəxəssis komandasının görüşə yaxşı hazırlaşdığını bildirib:
“Rəqibin çempionatı davam edir. Əlimizdən gələni edəcəyik ki, “Dinamo”nu keçək. Bundan sonra digər rəqibləri düşünəcəyik. Biz rəqibimizə hörmət edirik, amma onlardan qorxmuruq.
Yeni transferlərimizin oyunundan razıyam.
“Dinamo” hazırda ölkəsinin çempionatında liderdir. Çempionatları davam edir. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik. İlk növbədə bu raundu keçməli, sonra digər rəqiblər haqqında düşünməliyik".
O, yeni transferlər üzərində işlədiklərini diqqətə çatdırıb: "Bu, asan proses deyil. Heyətimizə yeni oyunçular qoşulacaq.
Hazırkı heyətin yekun variant olduğunu deyə bilmərik. Yaxşı başa düşürük ki, güclənməyə ehtiyacımız var. Transfer pəncərəsinin bağlanmasına hələ vaxt var və bu istiqamətdə işlərimizi davam etdiririk. Komandanın özülü formalaşıb. Bununla belə, bəzi mövqeləri daha da gücləndirməliyik ki, qarşıya qoyduğumuz hədəflərə çata bilək. Rəhbərliklə daim əlaqədəyik. Komandaya yalnız bizi gücləndirəcək futbolçuların cəlb olunmasını istəyirik. Əlimizdən gələni edəcəyik ki, “Neftçi” bu mövsüm ən yaxşı oyununu sərgiləsin".
O, daha əvvəl Moldova təmsilçisi “Şerif”lə Portuqaliyanın “Braqa” komandasına qalib gəlməsi barədə də danışıb:
“Təzyiq hiss etmirəm. İşimdə kifayət qədər təcrübəm var. Azarkeşlərin gözləntiləri böyükdürsə, təzyiq də normaldır. Biz buna hazır olmalıyıq. Elə oyun göstərməliyik ki, azarkeşlər məmnun qalsınlar. Hər şey yaxşı olanda hamı səni sevir. Yaxşı olmayanda isə sənə nifrət edirlər. Düşünürəm ki, bu, hər kəsin həyatında belədir. Məhəbbətdən nifrətə bir addımlıq yol var. Hər şeyə hazır olmaq lazımdır. Necə deyərlər, yol gedənindir”.
Qeyd edək ki, “Neftçi” – “Dinamo” matçı iyulun 22-də saat 20:00-da “Palms Sports Arena”da keçiriləcək.