BAKI, 21 iyul. TELEQRAF

“Sabahki oyunda azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

Teleqraf xəbər verir ki, bu sözləri “Neftçi”nin kapitanı Emin Mahmudov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Belarusun “Dinamo” (Minsk) komandasına qarşı keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında deyib.

34 yaşlı yarımmüdafiəçi komandanın qarşılaşmaya yaxşı hazırlaşdığını bildirib:

“90 illiyimizə görə böyük motivasiyamız var. Çox vacib mövsümdür. İndi “Braqa”nı və ya başqa komandanı düşünmürük. “Dinamo”ya hörmətlə yanaşırıq. Gənc komandadır, yaxşı oynayırlar. Yalnız onları düşünürük. Əvvəlcə onları keçək, sonra oyundan-oyuna baxarıq ki, əsas mərhələyə yüksəlmək nə dərəcədə realdır.

Açıq məşqdə möhtəşəm atmosfer var idi. Azarkeşlər bizə böyük motivasiya verdilər. Daim bizimlədirlər. Əlimizdən gələni etməliyik ki, onları daha çox sevindirək. Oyundan əvvəl də bizə motivasiya verdilər. Onlara təşəkkür edirəm. Allah qoysa, onları sevindirəcəyik.

Əvvəlki illərlə müqayisədə indi çox oyunçu dəyişməyib. Bir neçə oyunçu gedib, bir neçəsi gəlib. Baş məşqçi də eynidir. Heyətin 70 faizi dəyişməyib. Bu il daha çox stabillik görürəm. Bəzi oyunçular da gələcək. Məncə, daha yaxşı olmalıyıq”.

Qeyd edək ki, “Neftçi” – “Dinamo” matçı iyulun 22-də saat 20:00-da “Palms Sports Arena”da keçiriləcək.