BAKI, 20 iyul. TELEQRAF
AFFA və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkilatçılığı ilə həyata keçiriləcək “Sabahın Ulduzları” layihəsi çərçivəsində məlumatlandırma sessiyası keçirilib.
Teleqraf xəbər verir ki, 2006-cı ildə start götürən və uşaqlar arasında keçirilən “Sabahın Ulduzları” barədə ətraflı məlumat verilib, turnirdə üzə çıxan və sonradan milli komandamızda çıxış edən futbolçuların adları vurğulanıb. Bunu əks etdirən qısa video-çarx təqdim olunduqdan sonra BFF-nin prezidenti Tahir Süleymanov çıxış edərək Azərbaycan futboluna fayda verəcək yüksək səviyyəli futbolçuları üzə çıxarmaq üçün əllərindən gələni edəcəklərini söyləyib: “Turniri ərsəyə gətirməkdə məqsədimiz böyük işlər görməkdir”.
Ardından AFFA-nın baş katibi Cahangir Fərəcullayev “Sabahın Ulduzları” turnirinin yenidən keçirilməsinin sevindirici hal olduğunu deyib: “Bu, AFFA-nın İnkişaf Strategiyasının təməlinin önəmli bir parçasıdır. Uşaq futbolu hazırda bizim üçün prioritetdir. “Sabahın Ulduzları” turniri də bu baxımdan önəmli addımlardan biridir. Turnirin potensialı böyükdür. “Sabahın Ulduzları”nın gələcəkdə beynəlxalq komandaların qatılacağı yarışa çevriləcəyinə ümid edirik”.
A millinin baş məşqçisi Ayxan Abbasov əvvəllər “Sabahın Ulduzları”nda oyunları canlı izlədiyini və bu turnirin iştirakçılarından olduğunu söyləyib: “Bu turnirdən təkcə futbolçular yox, hakimlər də üzə çıxırdı. Belə layihələrin gələcəkdə Azərbaycan millisinə böyük fayda verəcəyinə inanıram. Bu cür turnirlər daha çox futbolçunun yetişməsinə gətirib çıxarar”.
Sonda “Sabahın Ulduzları” turnirinin maskotu təqdim olunub.