BAKI, 20 iyul. TELEQRAF
İspaniya millisi futbol üzrə 2026-cı il dünya çempionatının qalibi olmaqla futbol tarixinə düşüb.
Teleqraf xəbər verir ki, Luis de la Fuentenin rəhbərlik etdiyi komanda ABŞ-nin İst-Raterford şəhərində keçirilən finalda Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.
Bu qələbə sayəsində İspaniya futbol tarixində eyni anda həm kişilər, həm də qadınlar arasında dünya çempionu tituluna sahib olan ilk ölkə olub. Qeyd edək ki, İspaniyanın qadınlardan ibarət millisi 2023-cü ildə keçirilən dünya çempionatının finalında İngiltərəni 1:0 hesabı ilə məğlub edərək çempionluq qazanmışdı.
İspaniya bu statusunu ən azı 2027-ci ilədək qoruyacaq. Qadınlar arasında növbəti dünya çempionatı Braziliyada keçiriləcək.
DÇ-2026 daha bir yeniliklə də yadda qalıb. Belə ki, dünya çempionu olan komandanın futbolçuları və məşqçilər heyəti ilk dəfə fərdiləşdirilmiş çempion üzükləri ilə mükafatlandırılacaq.
Üzüklərin bir tərəfində FIFA Dünya Kuboku, digər tərəfində isə qalib komandanın rəmzləri həkk olunacaq. Finaldan dərhal sonra İspaniya millisinin kapitanı və baş məşqçisinə müvəqqəti üzüklər təqdim edilib. Daha sonra qaliblər üçün xüsusi sifariş əsasında hazırlanacaq 30 üzük rəsmi mərasimdə sahiblərinə veriləcək.