BAKI, 20 iyul. TELEQRAF

Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatını komandasının finalda İspaniyaya əlavə vaxtda 0:1 hesabı ilə məğlub olması ilə başa vursa da, mundial tarixində yeni rekordlara imza atıb.

Teleqraf xəbər verir ki, 39 yaşlı hücumçu dünya çempionatları tarixində üç final görüşünə həm start heyətində çıxan, həm də kapitan kimi meydana çıxan ilk futbolçu olub.

Bu göstəricidə Pele, Ronaldo Nazario və Lotar Matteus kimi əfsanələri geridə qoyub.

Messi həmçinin 1966-cı ildən bəri keçirilən dünya çempionatlarının statistikasında 12 əsas göstəricidən 11-də liderdir. O, məhsuldar ötürmələrin (12), yaratdığı real qol epizodlarının (24), ümumi zərbələrin (139), qapıya dəqiq zərbələrin (64), gözlənilən qol (19,6), gözlənilən assist (11,1), hücumun son üçdəbir hissəsində dəqiq ötürmələrin (639), cərimə meydançasına ötürmələrin (236), uğurlu cinah ötürmələrinin (40), topla qət etdiyi məsafənin (9136 metr) və uğurlu driblinqlərin (137) sayına görə birinci yerdədir. Yeganə istisna vurduğu qollardır. Bu göstəricidə 21 qolla Mbappedən geri qalaraq ikinci pillədə qərarlaşıb.

Turnir ərzində Messi Argentina millisinin hücum xəttinin əsas aparıcı qüvvəsi olub. O, 8 qolla komandasının ən məhsuldar futbolçusu kimi yadda qalıb və yaratdığı qol imkanları, məhsuldar ötürmələri ilə də ön plana çıxıb.

Finalda İspaniyaya qarşı keçirilən görüşdə isə Messi 34 ötürmədən 27-ni dəqiq ünvanlayaraq 79 faiz dəqiqlik nümayiş etdirib. Lakin o, komanda yoldaşları üçün qol vəziyyəti yarada bilməyib.

Qeyd edək ki, Messi DÇ-2026-da bombardir və ən yaxşı məhsuldar ötermə müəllifi mükafatlarını cüzi fərqlə əldən verib. Bu mundialın onun karyerasındakı son dünya çempionatı olacağı ehtimal edilir.