BAKI, 19 iyul. TELEQRAF
“Fənərbağça”nın sabiq futbolçusu Duşan Tadiç karyerasını Niderlandda davam etdirməyə yaxındır.
Teleqraf xəbər verir ki, 37 yaşlı hücumameyilli yarımmüdafiəçi Erediviziya təmsilçisi NEC-lə danışıqlar aparır.
“Voetbalzone” nəşrinin məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vahda” klubu ilə müqaviləsi başa çatan serbiyalı futbolçu yeni komandasına azad agent kimi keçəcək. Tərəflər arasında razılaşmanın yaxın zamanda rəsmiləşdiriləcəyi gözlənilir.
Qeyd edək ki, Tadiç daha əvvəl Niderlandda “Qroningen”, “Tvente” və “Ayaks” klublarının formasını geyinib. O, Erediviziyada keçirdiyi 295 oyunda 119 qol vurub və 140 məhsuldar ötürmə edib.