BAKI, 18 iyul. TELEQRAF
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) üçüncü oyuna çıxıb.
Teleqraf xəbər verir ki, B Liqasının B qrupunda yer alan təmsilçimiz Latviya yığması ilə qarşılaşıb.
Batumi çimərlik meydançasında baş tutan görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində hər iki qolu Orxan Məmmədov vurub.
Bununla qrupda ikinci yeri tutan Azərbaycan millisi pley-off mərhələsinə vəsiqə qazanıb. Komandamız bu raundda Norveç yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, millimiz qrupdakı ilk iki oyunda İngiltərəyə 8:3, Slovakiyaya 4:2 hesabı ilə qalib gəlib.