BAKI, 17 iyul. TELEQRAF

“İki matçda 6 qol vurmaq və qol buraxmamaq yaxşı nəticədir”.

Teleqraf xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Vestri”yə 3:0 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra deyib.

Təcrübəli mütəxəssis uzun səfərə baxmayaraq, qələbənin vacib olduğunu bildirib:

“Yaxşı oyun alındı. Uzun yol qət etməyimizə baxmayaraq, qalibiyyət çox vacib idi. Futbolçularımı təbrik edirəm”.

Qurban Qurbanov II təsnifat mərhələsində qarşılaşacaqları Bolqarıstanın ÇSKA klubu barədə də danışıb:

“Qarşıda bizi ÇSKA ilə oyunlar gözləyir. Sabahdan etibarən Bolqarıstan təmsilçisi ilə yaxından maraqlanacağıq. Bu rəqiblə görüşə daha yaxşı hazırlaşmağa çalışacağıq. Buna vaxtımız olacaq. Növbəti qarşılaşmaya qədər daha yaxşı forma yığacağımıza inanıram”.

Baş məşqçi avrokuboklarda mərhələ adlayan digər Azərbaycan klublarını da təbrik edib:

“Fürsətdən istifadə edərək, avrokuboklarda mərhələ adlayan digər təmsilçilərimiz “Sabah” və “Zirə”ni də təbrik edirəm. Azərbaycan klubları 6 oyunun hamısında qələbə qazandılar. Bu, əmsallarımızın artmasına gətirib çıxarır. Komandalarımıza qarşıdakı mərhələlərdə uğurlar arzulayıram”.

Qeyd edək ki, “Qarabağ” “Vestri”ni hər iki görüşdə 3:0 hesabı ilə məğlub edərək ümumi nəticədə 6:0 üstün olub. Ağdam təmsilçisi II təsnifat mərhələsində ÇSKA ilə qarşılaşacaq.