BAKI, 16 iyul. TELEQRAF

“Püşkdən əvvəl “Torpedo” ilə qarşılaşmaq istəmirdik. Təcrübəli baş məşqçiləri və tarixi ənənələri var”.

Teleqraf xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Torpedo” klubuna qarşı keçirdikləri cavab oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis rəqibin Gürcüstan çempionatında yaxşı çıxış etdiyini və avrokubok təcrübəsinə malik olduğunu bildirib:

“Onların tarixi ənənələri var. Gürcüstan çempionatında yaxşı çıxış edirlər. Avrokubok təcrübələri də mövcuddur. Amma hər şey bizim üçün uğurlu alındı və mərhələni adladıq”.

Rəşad Sadıqov 3:0 hesabı ilə qalib gəldikləri cavab matçını da dəyərləndirib:

“Rəqibin oyunun əvvəlində sistemini dəyişməsi bizim üçün gözlənilməz oldu. Bir çox matçlarını təhlil etmişdik, heç birində belə oynamırdılar. İlk dəqiqələrdə bu sistemə qarşı oynamaqda bir qədər çətinlik çəkdik. Amma futbolçular yaxşı reaksiya verdilər və rəqibin təhlükəli hücumlarının qarşısını aldılar”.

Baş məşqçi komandasının görüşün gedişində üstünlüyü ələ aldığını vurğulayıb:

“Dəqiqələr ötdükcə oyunu bərabərləşdirdik, daha sonra üstünlüyü ələ aldıq. İlk hissədə iki vacib qol vurduq. Futbolçuları, klub rəhbərliyini və azarkeşləri təbrik edirəm”.

Qeyd edək ki, “Zirə” ilk görüşdə də “Torpedo”nu 3:0 hesabı ilə məğlub edib və ümumi hesabda 6:0 üstün olaraq II təsnifat mərhələsinə yüksəlib. Bakı klubu növbəti mərhələdə Estoniyanın “Payde” komandası ilə qarşılaşacaq.