BAKI, 16 iyul. TELEQRAF
“Azərbaycan bayrağı altında yarışan hər bir komandaya istər “Sabah”, istər “Qarabağ”, istər “Neftçi”, istərsə də “Zirə” olsun” azarkeşlik edirəm.
Bunu Teleqraf-a açıqlamasında Olimpiya çempionu, ikiqat Avropa çempionu və Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli deyib.
O, avrokuboklarda mübarizə aparan bütün Azərbaycan təmsilçilərinə uğurlar arzulayıb:
“Hər birinə böyük dəstəyimiz var. İnanırıq ki, onlar uğurlu çıxışlarını davam etdirərək ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edəcəklər”.
E.Məmmədli “Azərbaycan çempionatında hansı komandaya azarkeşlik edirsiniz?” sualını isə belə cavablandırıb:
“O, sirr qalsın. Bunu deməsəm, yaxşı olar".
Qeyd edək ki, “Qarabağ” bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda İslandiyada “Vestri”nin qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Tərəflər arasında Bakıda keçirilən ilk matç Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
“Zirə” isə UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab görüşündə bu gün saat 20:00-da Gürcüstanın “Torpedo Kutaisi” komandası ilə qarşılaşacaq. Bakı təmsilçisi ilk oyunda rəqibini 3:0 hesabı ilə məğlub edib.