BAKI, 16 iyul. TELEQRAF
Fransa millisinin və İngiltərənin “Arsenal” klubunun futbolçusu Vilyam Saliba zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qala bilər.
Teleqraf L’Équipe nəşrinə istinadən xəbər verir ki, buna səbəb 25 yaşlı mərkəz müdafiəçisinin DÇ-2026-nın yarımfinalında İspaniyaya qarşı keçirilən oyunda bel nahiyəsindən zədə almasıdır.
Saliba güclü ağrılar hiss etdiyi üçün ilk hissədə meydanı tərk edib. Məlumata görə, o, son bir neçə ay ərzində xroniki bel ağrıları ilə çıxış edib və matçlara ağrıkəsici dərmanlardan istifadə edərək çıxıb.
Nəşrin yazdığına görə, ən real variant cərrahi əməliyyatdır. Bu baş tutacağı təqdirdə, “Arsenal”ın müdafiəçisi 4-5 ay yaşıl meydanlardan uzaq qala bilər.
Qeyd edək ki, Fransa millisi DÇ-2026-nın yarımfinalında İspaniyaya 0:2 hesabı ilə məğlub olub. Komanda üçüncü yer uğrunda İngiltərə millisi ilə qarşılaşacaq.