BAKI, 15 iyul. TELEQRAF
“Bizi təcrübəli və adlı-sanlı klubla oyun gözləyir. İlk matçdan sonra üstünlüyümüz var. Rəqibin keyfiyyətli heyəti, təcrübəli baş məşqçisi və güclü azarkeş dəstəyi var. Sabah qarşıdurmanın gedişatını dəyişmək üçün əllərindən gələni edəcəklər. Biz buna hazırıq”.
Teleqraf xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının I təsnifat mərhələsində “Torpedo”ya qarşı keçiriləcək cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis qarşılaşmanın gərgin keçəcəyini bildirib:
“Maraqlı 90 dəqiqə olacaq. Ümid edirəm ki, əsas vaxtda növbəti mərhələyə yüksələcəyik”.
Sadıqov komandasının ilk görüşlə müqayisədə daha yaxşı çıxış etməli olduğunu vurğulayıb:
“İstərdim ki, fiziki baxımdan ilk oyundan daha yaxşı vəziyyətdə olaq. Mövsümün ilk rəsmi matçı həmişə çətin keçir. Bilirik ki, rəqib sabah daha yaxşı oynayacaq. Növbəti mərhələyə yüksəlmək istəyiriksə, həm fiziki, həm də taktiki baxımdan daha keyfiyyətli oyun göstərməliyik. Optimal fiziki formaya çatmaq üçün 3-4 rəsmi oyun keçirmək lazımdır”.
Baş məşqçi Azərbaycan Premyer Liqasında medal uğrunda mübarizə aparmaq istədiklərini də söyləyib:
“Hamımız “Qarabağ”ın və “Sabah”ın hansı səviyyədə olduğunu bilirik. “Turan Tovuz” ötən mövsüm uğurlu çıxış etdi və transfer bazarında da fəaldır. “Neftçi”nin bu ilin əvvəlindən göstərdiyi inkişaf da göz qabağındadır. Bu dörd komandanın yeni mövsümdə iddialı olacağını anlayırıq. Biz isə medal uğrunda mübarizə aparacaq beşinci komanda olmaq istəyirik”.
Qeyd edək ki, “Zirə” ilk görüşdə “Torpedo”nu 3:0 hesabı ilə məğlub edib.