BAKI, 15 iyul. TELEQRAF
Türkiyə təmsilçisi “Fənərbağça”nın yeni transferi Meyson Qrinvudla bağlı maraqlı detallar məlum olub.
Teleqraf Fransa mətbuatına istinadən xəbər verir ki, “Marsel” rəhbərliyi ingiltərəli hücumçunu yüksək bazar dəyərinə malik olduğu dövrdə satmağı məqsədəuyğun hesab edib.
Bildirilir ki, futbolçunun klubdaxili intizam problemləri və keçmiş idman direktoru Mehdi Benatiya ilə yaşadığı gərginlik də transfer qərarına təsir göstərib.
Bununla yanaşı, Fransa klubu Qrinvudla yolların qarşılıqlı razılıq əsasında ayrıldığını açıqlayıb.
Klubun rəsmi bəyanatında deyilir: “‘Olimpik Marsel’ Meyson Qrinvudun ‘Fənərbağça’ya transfer olunduğunu elan edir. 2024-cü ilin yayında komandaya qoşulan Qrinvud iki mövsüm ərzində klubumuzun formasını geyinib. Bu qərar futbolçu ilə klub arasında aparılan birgə müzakirələrin nəticəsidir və tərəflər əməkdaşlığı qarşılıqlı razılıq əsasında başa çatdırıblar. Meyson Qrinvuda klubumuzdakı iki mövsümə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.”
Qeyd edək ki, 24 yaşlı hücumçu “Marsel”də keçirdiyi iki mövsümdə bütün turnirlərdə 81 oyuna çıxaraq 48 qol vurub və 17 məhsuldar ötürmə edib. Qrinvud "Fənərbağça" ilə 2030-cu ilin iyununa qədər müqavilə imzalayacaq. Onun illik maaşı isə təxminən 10 milyon avro olacaq.