BAKI, 15 iyul. TELEQRAF
Futbol üzrə dünya çempionatında yarımfinala yüksələn Argentina millisinin turnirdən kənarlaşdırılması tələbi ilə yaradılan petisiyaya dəstək artmaqda davam edir.
Teleqraf xəbər verir ki, “Argentina Out” adlı petisiyanı iyulun 15-nə olan məlumata görə 8,7 milyon nəfər imzalayıb.
Beləliklə, təşəbbüs müəlliflərinin qarşıya qoyduğu 5 milyon imza hədəfi xeyli geridə qalıb.
Petisiya müəllifləri FIFA-nı Argentina millisinə, xüsusilə də komandanın kapitanı Lionel Messiyə münasibətdə qərəzli davranmaqda ittiham edirlər. Onların fikrincə, yığma dünya çempionatından kənarlaşdırılmalıdır. Petisiyanın yerləşdirildiyi platformada bu tələbi əsaslandıran 10 səbəb də sadalanıb.
Qeyd edək ki, Argentina millisi bu gün DÇ-2026-nın yarımfinal mərhələsində İngiltərə ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qalib komanda finalda İspaniya ilə üz-üzə gələcək, məğlub tərəf isə Fransa ilə üçüncü yer uğrunda mübarizə aparacaq.