BAKI, 15 iyul. TELEQRAF

“Qapımızı toxunulmaz saxlamaq daha yaxşı olardı. Amma iki oyunun nəticəsinə görə 4:1 hesabını qəbul edərdim”.

Teleqraf xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində TNS-i (4:1) mübarizədən kənarlaşdırdıqları cavab oyunundan sonra deyib.

Litvalı mütəxəssis mərhələ adladıqları üçün futbolçuları və azarkeşləri təbrik edib:

“Çempionlar Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanan futbolçuları, Azərbaycan futbol azarkeşlərini və “Sabah” azarkeşlərini təbrik etmək olar. Düşünürəm ki, ən vacib məqam budur. İlk oyunda 2:0 hesabı ilə qalib gəlmişdik. Ona görə bilirdik ki, rəqib daha çox hücum etməyə çalışacaq. İlk dəqiqələr uyğunlaşma üçün keçdi. Təxminən 15-20 dəqiqədən sonra oyuna başladıq, qol vurduq və daha bir dəfə fərqləndik”.

Dambrauskas ikinci hissənin daha çox formal xarakter daşıdığını bildirib:

“İkinci hissə həm bizim, həm də rəqib üçün oyunun bitməsini gözləmək kimi idi. Bəzi futbolçular oyun dəqiqələri qazandılar. Əlbəttə, daha bir qol vurmaq istəyirdik, şanslarımız oldu, amma istifadə edə bilmədik. Rəqibin də bir neçə imkanı yarandı və sonda səhvimizdən qol buraxdıq”.

Baş məşqçi artıq növbəti mərhələyə hazırlaşmalı olduqlarını vurğulayıb:

“İndi təhlükəsiz şəkildə geri qayıtmalı və növbəti mərhələyə hazırlaşmağa başlamalıyıq. Çünki oyunlar çox sürətlə gəlir. Artıq gələn çərşənbə axşamı II təsnifat mərhələsində başqa rəqiblə qarşılaşacağıq”.