BAKI, 13 iyul. TELEQRAF

FIFA 2026-cı il dünya çempionatının yarımfinalında keçiriləcək Fransa - İspaniya oyununun hakim təyinatlarını açıqlayıb.

Teleqraf xəbər verir ki, qarşılaşmanı Salvadordan olan İvan Barton idarə edəcək. Ona həmyerliləri David Moran və Antonio Pupiro kömək edəcəklər.

Dördüncü hakim funksiyasını İsveç təmsilçisi Qlenn Nyberq, ehtiyat köməkçi hakim vəzifəsini isə onun həmyerlisi Mahbod Beigi yerinə yetirəcək.

İvan Barton bu dünya çempionatında indiyədək üç oyunda baş hakim olub. O, qrup mərhələsində Türkiyə - Paraqvay (0:1) və Yaponiya - İsveç (1:1), həmçinin 1/8 finalda İsveçrə - Kolumbiya (0:0, penaltilər seriyasında 4:3) görüşlərini idarə edib. Salvadorlu referi həmin matçlarda ümumilikdə 10 sarı və 1 qırmızı vərəqə göstərib.

Fransa - İspaniya yarımfinalı iyulun 14-də ABŞ-ın Arlinqton şəhərində keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə iyulun 15-də saat 07:00-da başlayacaq.