BAKI, 13 iyul. TELEQRAF

ABŞ millisinin futbolçusu Folarin Baloqunun cəzasının dayandırılması ilə bağlı qərarı FIFA-nın İntizam Komitəsinin sədri Məhəmməd Əl-Kamali digər üzvlərin iştirakı olmadan təkbaşına qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, qərar İntizam Komitəsinin digər 17 üzvü cəlb edilmədən qəbul edilib.

Qeyd olunur ki, əvvəllər analoji intizam işlərinə əksər hallarda komitə sədrinin müavini Xorxe Palasio təkbaşına baxırdı.

Bununla belə, Əl-Kamali üçün bu yanaşma ilk belə hal olub. Belə ki, 100-dən çox dərc olunmuş qərarın yer aldığı bazaya əsasən, o, indiyədək mühüm qərarları təkbaşına qəbul etməyib. Adətən ən vacib məsələlər komitənin üç üzvü tərəfindən kollegial qaydada müzakirə olunaraq təsdiqlənirdi.

Qeyd edək ki, ABŞ millisinin hücumçusu dünya çempionatının 1/16 finalında Bosniya və Herseqovinaya qarşı keçirilən oyunda (2:0) birbaşa qırmızı vərəqə almışdı. Lakin FIFA onun cəzasını ləğv edərək 1/8 finalda Belçikaya qarşı meydana çıxmasına icazə verib. Buna baxmayaraq, ABŞ millisi həmin görüşdə 1:4 hesabı ilə məğlub olub.