BAKI, 4 iyul. TELEQRAF

“Roma” klubu “Marsel”in futbolçusu Meyson Qrinvudun transferində maraqlıdır.

Teleqraf xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Corriere dello Sport”un xəbərinə görə, A Seriyası təmsilçisi 24 yaşlı qanad oyunçusu üçün Fransa klubuna rəsmi təklif göndərməyə hazırlaşır. “Roma”nın Qrinvudu təlim-məşq toplanışına qədər heyətinə qatmaq istədiyi bildirilir.

İtaliya klubunun futbolçu üçün 45 milyon avro ödəməyə hazır olduğu iddia olunur. Həmçinin Qrinvudla şəxsi müqavilə şərtləri ilə bağlı razılıq əldə edildiyi qeyd edilib.

Məlumata görə, ingiltərəli oyunçunun 2031-ci ilə qədər müqavilə imzalaması gözlənilir. Onun illik 4,5 milyon avro xalis maaş alacağı bildirilir.

Qeyd edək ki, daha əvvəl Meyson Qrinvudla “Fənərbağça”nın da maraqlandığı iddia olunurdu. 24 yaşlı oyunçu ötən mövsüm “Marsel”in heyətində 45 matçda meydana çıxıb, 26 qol vurub və 11 məhsuldar ötürmə edib.