BAKI, 3 iyul. TELEQRAF
2026-cı il dünya çempionatının 1/8 final mərhələsində keçiriləcək Meksika - İngiltərə oyunu böyük maraqla gözlənilir.
Teleqraf xəbər verir ki, qarşılaşma Mexiko şəhərindəki “Azteka” stadionunda baş tutacaq.
Meksika yığması “Azteka”da keçirdiyi dünya çempionatı oyunlarında indiyədək məğlub olmayıb. Komanda bu stadionda baş tutan əvvəlki 10 mundial matçında uduzmayıb. Meksika ümumilikdə “Azteka”da keçirdiyi 89 beynəlxalq oyunun yalnız 2-də məğlub olub.
İngiltərə millisi isə 40 ildən sonra ilk dəfə bu stadionda meydana çıxacaq. İngilislər “Azteka”dakı son oyununu 1986-cı il dünya çempionatında Argentinaya qarşı keçirib.
Həmin qarşılaşma Dieqo Maradonanın “Tanrının əli” qolu ilə yadda qalıb. İngiltərə millisi həmin oyunda Argentinaya məğlub olub.
Meksika millisi mundialdakı uğurlu çıxışını doğma azarkeşləri önündə davam etdirməyə çalışacaq. Komanda DÇ-2026-da hələlik qapısından qol buraxmayıb.
Qeyd edək ki, Meksika və İngiltərə milliləri iyulun 6-sı DÇ-2026-nın 1/8 final mərhələsində üz-üzə gələcək.