BAKI, 3 iyul. TELEQRAF

2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən "Qarabağ" növbəti futbolçu keçidini gerçəkləşdirib.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Macarıstanın ZTE klubu ilə danışıqlar uğurla yekunlaşıb və Bense Varkonyi “köhlən atlar”a transfer olunub.

Macarıstanlı mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb. 24 yaşlı futbolçu 2029-cu ilin yayına qədər komandamızın formasını geyinəcək.

MTK klubunun yetirməsi olan Bense karyerası ərzində bu klubun əsas komandası, həmçinin “Kozarmisleni”də də çıxış edib. O, Macarıstanın U-21 komandasında forma geyinib.

Qeyd edək ki, Bense Varkonyi yay transfer pəncərəsində Ağdam klubunun altıncı transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç və Renaldo Sefas “Qarabağ”a qoşulub.