BAKI, 3 iyul. TELEQRAF
İspaniyanın “Barselona” klubunun qapıçısı Mark-Andre ter Ştegenin Niderlandın “Ayaks” komandasına keçidi yekunlaşmaq üzrədir.
Teleqraf xəbər verir ki, bu barədə Mundo Deportivo nəşri məlumat yayıb.
Məlumata görə, Amsterdam təmsilçisi alman qolkiperin maaşının böyük hissəsini ödəməyə razılaşıb. Bu da tərəflər arasında danışıqların sürətlənməsinə səbəb olub. 34 yaşlı qapıçının bir illik icarə əsasında Niderland klubuna keçəcəyi gözlənilir.
Bununla belə, müqavilənin rəsmiləşdirilməsi üçün bəzi detalların razılaşdırılması və Ter Ştegenin maliyyə şərtlərini, o cümlədən Niderlanddakı vergi məsələlərini qəbul etməsi vacibdir.
Mənbənin yazdığına görə, təcrübəli qolkiper gələn həftə Amsterdama yollanaraq tibbi müayinədən keçəcək və transferlə bağlı son prosedurları tamamlayacaq.
Qeyd olunur ki, keçidin baş tutması Ter Ştegenin sağlamlıq durumundan da asılıdır. Hazırda o, Barselonada fərdi bərpa proqramı keçir. Alman qapıçı ötən mövsüm İspaniyanın “Jirona” klubunda icarədə olarkən bud əzələsindən ağır zədə almış, əməliyyat olunduğu üçün uzun müddət yaşıl meydanlardan kənarda qalmışdı. “Ayaks” da transferi rəsmiləşdirməzdən əvvəl futbolçunun tibbi durumunu öz həkimləri vasitəsilə qiymətləndirəcək.