BAKI, 3 iyul. TELEQRAF
Azərbaycan millisinin futbolçusu Rüfət Abdullazadənin yeni komandası müəyyənləşib.
Teleqraf xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi İsrailin “Hapoel İroni Kiryat Şmona” klubuna keçib.
Bu barədə İsrailin Azərbaycandakı səfirliyi məlumat yayıb.
“Azərbaycanlı futbolçu Rüfət Abdullazadəni “Hapoel İroni Kiryat Şmona” klubuna transfer olunmazdan əvvəl İsrail vizasını təqdim etdikdən sonra onu Bakıdakı İsrail səfirliyində qarşılamaqdan məmnun olduq.
Səfir Ronen Krausz şəxsən ona İsrail futbolunda bu həyəcanverici yeni fəslin başlanğıcında böyük uğurlar arzuladı.
İsrail və Azərbaycan arasındakı xüsusi bağın idmanda da öz əksini tapdığını, meydanda və meydandan kənarda insanlar arasında körpülər qurduğunu görməkdən məmnunuq. Uğurlar, Rüfət!” – deyə səfirliyin sosial şəbəkə hesabındakı paylaşımda bildirilib.
Qeyd edək ki, Abdullazadənin transfer hüquqları Xorvatiyanın “Varajdin” klubuna məxsusdur. İddualara görə, o, İsrail təmsilçisinə 1 illik icarə əsasında keçib.
Rüfət ötən mövsümün ikinci hissəsini də icarə əsasında “Zirə”də keçirib.