BAKI, 3 iyul. TELEQRAF

Portuqaliya millisinin futbolçuları dünya çempionatının 1/16 final mərhələsində Xorvatiya üzərində qələbədən sonra sabiq komanda yoldaşları Dioqu Jotanın xatirəsini anıblar.

Teleqraf xəbər verir ki, Portuqaliya yığması mundialın 1/16 finalında Xorvatiya millisini 2:1 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.

Matçdan əvvəl Portuqaliya himni səsləndirilərkən stadionun nəhəng ekranında bir il əvvəl avtomobil qəzasında həyatını itirmiş Dioqu Jotanın fotosu nümayiş etdirilib.

Görüş başa çatdıqdan sonra isə Portuqaliya millisinin futbolçuları Jotanın yığmada çıxış etdiyi 21 nömrəli formanı nümayiş etdirərək onun xatirəsini ehtiramla yad ediblər.

Dioqu Jota uzun illər Portuqaliya millisinin və İngiltərənin Liverpul klubunun aparıcı futbolçularından biri olub.

Portuqaliya millisi dünya çempionatının 1/8 final mərhələsində İspaniya yığması ilə qarşılaşacaq.