BAKI, 1 iyul. TELEQRAF

2025/2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında qeydə alınan cərimələr, sarı və qırmızı vərəqələrlə bağlı statistika açıqlanıb.

Teleqraf Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, mövsüm ərzində hər oyuna orta hesabla 12,13 qayda pozuntusu qeydə alınıb.

Futbolçulara ümumilikdə 752 sarı, 27 qırmızı və 17 birbaşa qırmızı vərəqə göstərilib.

Statistikaya əsasən, orta hesabla ən çox qayda pozuntusu edən komanda “Şamaxı” olub (16,25). Ən az qayda pozuntusu edən komanda isə “İmişli”dir (9,95).

Futbolçularına ən çox qırmızı vərəqə göstərilən komanda “Neftçi” olub (5). “Şamaxı”, “Neftçi”, “Kəpəz” və “Araz-Naxçıvan” futbolçuları isə mövsüm ərzində hərəyə 3 birbaşa qırmızı vərəqə alıblar.

Ən az qırmızı vərəqə alan komandalar “Qarabağ”, “Zirə”, “Turan Tovuz”, "Araz-Naxçıvan" və "Karvan-Yevlax"dır. Bu komandaların futbolçuları mövsüm ərzində cəmi 1 qırmızı vərəqə ilə cəzalandırılıblar. Həmçinin “Qarabağ”, “Zirə”, “Turan Tovuz” və “Sabah” futbolçuları birbaşa qırmızı vərəqə almayıblar.

Ən çox sarı vərəqə göstərilən komanda “Sumqayıt” olub (79), ən az sarı vərəqə alan komanda isə “Qəbələ”dir (47).

Fərdi göstəricilərə gəlincə, “Şamaxı”nın futbolçusu Rikardo Apolinario orta hesabla 3,20 qayda pozuntusu ilə mövsümün ən çox qayda pozuntusu edən futbolçusu olub. Mövsüm ərzində 27 futbolçu hərəyə 1 qırmızı vərəqə alıb. Ən çox sarı vərəqə alan futbolçu isə “Araz-Naxçıvan”in üzvü Patrik Andrade olub (10 sarı vərəqə).