BAKI, 1 iyul. TELEQRAF

İspaniya təmsilçisi “Real Madrid” Braziliya millisinin futbolçusu Vinisius Juniorla yollarını ayıra bilər.

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı hücumçu ilə “kral klubu” hələlik yeni müqavilə ilə bağlı razılığa gələ bilməyib.

Mənbənin məlumatına görə, Klublararası Dünya Çempionatından sonra danışıqların yenidən başlaması planlaşdırılır. Vinisius turnirdə göstərdiyi uğurlu çıxışın fonunda maliyyə tələblərini artırmağa hazırlaşır. “Real Madrid” isə maaş və bonuslarla bağlı müəyyən etdiyi həddi aşmaq niyyətində deyil.

Bildirilir ki, vəziyyəti yaxından izləyən dörd klub var. Bunlar PSJ, “Mançester Siti”, “Bavariya” və “Liverpul”dur. Əgər Vinisiusun müqaviləsi uzadılmasa, adıçəkilən komandalar onun transferi üçün hərəkətə keçə bilər.

Belə olan halda, “Real Madrid” braziliyalı ulduz üçün 140 milyon avro (təxminən 165 milyon ABŞ dolları) tələb edə bilər.

Qeyd edək ki, Vinisiusun “Real Madrid”lə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.