BAKI, 30 iyun. TELEQRAF
Almaniya millisinin qapıçısı Manuel Noyer futbol üzrə dünya çempionatları tarixində ən çox oyun keçirən futbolçular sırasında ilk beşliyə daxil olub.
Teleqraf xəbər verir ki, 40 yaşlı qolkiper dünya çempionatının 1/16 final mərhələsində Paraqvay millisinə qarşı oyuna start heyətində çıxmaqla mundiallardakı oyun sayını 23-ə çatdırıb. Bununla da o, bu göstəricidə İtaliya futbolunun əfsanəsi Paolo Maldiniyə çataraq beşinci pilləni bölüşür.
Dünya çempionatları tarixində daha çox oyuna çıxan futbolçular Argentina millisinin kapitanı Lionel Messi (29 oyun), Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldo, Almaniya futbolçuları Lotar Matteus (hər biri 25 oyun) və Miroslav Kloze (24 oyun) olublar.
Manuel Noyer 2011-ci ildən Münhen "Bavariya"sının formasını geyinir. O, Almaniya klubu ilə 13 dəfə Bundesliqanın, 7 dəfə Almaniya Superkubokunun, 6 dəfə Almaniya Kubokunun qalibi olub. Təcrübəli qapıçı həmçinin iki dəfə UEFA Çempionlar Liqasını, UEFA Superkubokunu və Klublararası Dünya Çempionatını qazanıb.
Noyer Almaniya millisinin heyətində 2014-cü ildə dünya çempionu olub, 2010-cu il mundialında isə bürünc medal qazanıb.