BAKI, 29 iyun. TELEQRAF

İspaniya millisinin və “Real Madrid”in futbolçusu Dani Karvaxal karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır.

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, “İnter” “Çelsi”yə transfer olunan argentinalı Marko Balestranı heyətinə qata bilmədikdən sonra diqqətini Karvaxala yönəldib.

Məlumata görə, Milan təmsilçisi iyunun 30-da azad agent statusu alacaq ispan müdafiəçini Denzel Dumfrisin mümkün əvəzedicisi kimi nəzərdən keçirir. Bu səbəbdən klub transfer haqqı ödəməyəcək və yalnız futbolçunun şəxsi şərtləri ilə bağlı razılıq əldə etməli olacaq.

Bildirilir ki, Karvaxal da “İnter”ə keçidə müsbət yanaşır. O, “Real Madrid”ə qarşı oynamaq istəmədiyi üçün La Liqanın digər klubuna transfer olmağı düşünmür. Bundan əlavə, A Seriyasında çıxış etməyin ona həm UEFA Çempionlar Liqasında mübarizə aparmaq, həm də İspaniya millisində yenidən yer qazanmaq baxımından üstünlük verəcəyinə inanır.

Karvaxal Səudiyyə Ərəbistanı və Qətər klublarından sərfəli təkliflər alsa da, ailəvi amillər onun İtaliyanı seçməsində mühüm rol oynayıb.

Qeyd edək ki, Dani Karvaxal 2013-2026-cı illərdə "Real"ın formasını geyinib.