BAKI, 29 iyun. TELEQRAF
İspaniyanın “Barselona” klubu Almaniyanın “Bavariya” komandasında çıxış edən hücumçu Harri Keyni transfer etmək niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə “Deyli Meyl” nəşri məlumat yayıb.
Məlumata görə, Kataloniya təmsilçisi İngiltərə millisinin kapitanının nümayəndələri ilə əlaqə saxlayaraq mümkün transfer variantını müzakirə edib.
Bildirilir ki, 32 yaşlı futbolçunun “Bavariya” ilə qüvvədə olan müqaviləsinin müddəti daha bir mövsüm davam edir. Nəşrin iddiasına əsasən, “Barselona”dan gələn zəngdən sonra futbolçunun nümayəndələri digər danışıqları dayandırıblar.
Mənbənin yazdığına görə, dünya çempionatı başa çatdıqdan sonra Keynin tərəfi əsas diqqəti “Bavariya” ilə yeni müqavilə imzalanmasına yönəldəcək. Bununla belə, “Barselona” transfer üçün ən kiçik imkan yaranacağı təqdirdə futbolçunu heyətinə qatmağa çalışacaq.
Harri Keyn 2023-cü ilin avqustundan “Bavariya”nın formasını geyinir. O, daha əvvəl İngiltərənin “Tottenhem” klubunda çıxış edib.
82 qolla İngiltərə millisinin tarixinin ən məhsuldar futbolçusu olan Keyn 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında 6 qol vuraraq turnirin bombardiri olub.