BAKI, 28 iyun. TELEQRAF
ABŞ-nin məşhur ABC7 televiziya kanalının aparıcısı Abigail Velez canlı yayım zamanı Dünya Çempionatının pley-off mərhələsində ABŞ millisinə rəqib olan Bosniya və Herseqovina yığması və xalqı barədə işlətdiyi qalmaqallı ifadələrə görə ictimaiyyətdən özür istəyib.
Teleqraf xəbər verir ki, bu barədə aparıcı sosial media hesabında məlumat paylaşıb.
O, canlı yayındakı sözlərinin yanlış olduğunu etiraf edib:
"Dünya Çempionatındakı rəqabət fonunda zarafat etmək istəyərkən həddimi aşdım. Canlı yayımda düşüncəsiz, həssaslıqdan uzaq və nalayiq bir şərh səsləndirdim. Buna görə bütün Bosniya xalqından və Bosniya və Herseqovina milli futbol komandasından üzr istəyirəm. Dünya Çempionatı qlobal icmaları bir araya gətirməlidir, mənim sözlərim isə bu idman ruhuna tamamilə zidd idi. Yarışda mübarizəni davam etdirən bütün komandalara uğurlar arzulayıram".
Qeyd edək ki, Abigail Velez ABC7 kanalının efirində etirazlara səbəb olan çıxışında bu sözləri söyləmişdi:
"Mən Bosniyanın xəritədə harada yerləşdiyini belə göstərə bilmərəm. Bu ölkə haqqında heç nə bilmirəm, bilmək də istəmirəm. ABŞ komandası geri dönüb və hər zamankından daha güclüdür. Bosniya, hazırlaş, bunu istəmədiyini bilirik, amma qarşıda səni nəyin gözlədiyini görəcəksən".