BAKI, 28 iyun. TELEQRAF
İngiltərə millisi futbol üzrə dünya çempionatının qrup mərhələsini lider kimi başa vuraraq pley-off mərhələsinə vəsiqə qazanıb.
Teleqraf xəbər verir ki, L qrupunun son turunda İngiltərə yığması Panama millisini 2:0 hesabı ilə məğlub edib. ABŞ-nin Nyu-Cersi ştatının İst-Raterford şəhərində keçirilən görüşdə qolları Cud Bellinqem 62-ci, Harri Keyn isə 67-ci dəqiqədə vurub.
Harri Keyn bu qolla dünya çempionatları tarixində İngiltərə millisinin ən məhsuldar bombardiri olub. O, mundiallarda vurduğu 11-ci qolla bu göstəricidə Qari Linekeri geridə qoyub.
Qələbə sayəsində İngiltərə millisi 7 xalla L qrupunda birinci yeri tutub. Panama yığması isə keçirdiyi bütün oyunlarda məğlub olaraq qrupun sonuncusu olub.
Qrupun digər qarşılaşmasında Xorvatiya millisi Qananı 2:1 hesabı ilə məğlub edib. Xorvatlar 6 xalla ikinci, qanalılar isə 4 xalla üçüncü yeri tutublar. Hər iki komanda pley-off mərhələsinə yüksəlib.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq. Turnirdə ilk dəfə 48 komanda iştirak edir. Hər qrupdan ilk iki yeri tutan yığmalarla yanaşı, ən yaxşı nəticə göstərən səkkiz üçüncü yer sahibi də pley-off mərhələsinə vəsiqə qazanır.