BAKI, 28 iyun. TELEQRAF

ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə dünya çempionatında Xorvatiya millisi pley-off mərhələsinə vəsiqə qazanıb.

Teleqraf xəbər verir ki, qrup mərhələsinin son turunda Xorvatiya yığması Qana millisini 2:1 hesabı ilə məğlub edib. ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində keçirilən görüşdə xorvatların qollarını Petar Suçiç (31-ci dəqiqə) və Nikola Vlaşiç (83) vurublar. Qana millisinin yeganə qoluna isə Derrik Lukassen imza atıb (73).

Xorvatiya millisinin 40 yaşlı kapitanı Luka Modriç Nikola Vlaşiçin qolunda məhsuldar ötürmə müəllifi olub və dünya çempionatları tarixinin ən yaşlı assist müəllifi kimi rekorda imza atıb.

Bu nəticədən sonra Xorvatiya millisi 6 xalla L qrupunda ikinci yeri tutub. 4 xal toplayan Qana yığması isə üçüncü pillədə qərarlaşıb və ən yaxşı üçüncü yer sahiblərindən biri kimi pley-offa yüksəlib.

Qrupun qalibi 7 xalla Panama üzərində 2:0 hesablı qələbə qazanan İngiltərə millisi olub. Panama yığması isə xal qazana bilməyərək sonuncu yeri tutub.

Qeyd edək ki, dünya çempionatı iyulun 19-dək davam edəcək. Turnirdə ilk dəfə 48 komanda iştirak edir. Hər qrupdan ilk iki yeri tutan komandalar və ən yaxşı nəticə göstərən səkkiz üçüncü yer sahibi pley-off mərhələsinə vəsiqə qazanır.