BAKI, 25 iyun. TELEQRAF

“Qarabağ” 2026/27 mövsümü üçün transfer çalışmalarını davam etdirir.

Teleqraf xəbər verir ki, Ağdam təmsilçisi növbəti futbolçu keçidini rəsmiləşdirib.

Azərbaycan çempionu Rusiyanın “Pari Nijni Novqorod” klubundan Renaldo Sefası heyətinə qatıb. Yamaykalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

26 yaşlı vinger 2029-cu ilin yayına qədər “Qarabağ”ın formasını geyinəcək. Hər iki cinahda oynaya bilən Sefas mərkəz hücumçusu mövqeyində də çıxış edir.

Renaldo Sefas karyerası ərzində Yamaykada “Arnett Qardens”, Şimali Makedoniyada “Şkupi”, Türkiyədə “Ankaragücü” və Rusiyada “Pari Nijni Novqorod” klublarında çıxış edib. O, 2023-cü ildən Yamayka millisinə dəvət alır. Milli komandanın heyətində 21 oyuna çıxan futbolçu 1 qol vurub.

Qeyd edək ki, Sefas 2024-cü ildə KONKAKAF Millətlər Liqasının bürünc mükafatçısı olub. O, “Qarabağ”ın yay transfer pəncərəsində 6-cı transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa və Martin Zlomisliç Ağdam klubuna qoşulub.