BAKI, 25 iyun. TELEQRAF
Qətər millisinin futbolçusu Assim Madibo DÇ-2026-dakı kobud hərəkətinə görə cəzalandırılıb.
Teleqraf xəbər verir ki, yarımmüdafiəçi Kanada ilə qrup mərhələsinin oyununda rəqib futbolçu Ismael Koneyə qarşı sərt qayda pozuntusuna yol verdiyi üçün 5 oyunluq diskvalifikasiya alıb.
Qətərin 0:6 hesabı ilə məğlub olduğu qarşılaşmanın 51-ci dəqiqəsində Madibo Koneyə qarşı kobud müdaxilə edib. Baş hakim epizoddan sonra qətərli futbolçuya birbaşa qırmızı vərəqə göstərib.
Kanada millisinin və “Sassuolo”nun yarımmüdafiəçisi isə həmin epizodda ciddi zədə alıb. Onun baldır və qamış sümüyündə sınıq aşkarlanıb. Koneyin 4-5 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
FIFA-nın İntizam Komitəsi Madibonu milli komandanın növbəti 5 oyunundan kənarlaşdırıb.