BAKI, 25 iyun. TELEQRAF
Bosniya və Herseqovina milli komandası futbol üzrə dünya çempionatının pley-off mərhələsinə tarixində ilk dəfə vəsiqə qazanıb.
Teleqraf xəbər verir ki, bu, Şotlandiya yığmasının Braziliyaya 0:3 hesabı ilə məğlub olmasından sonra rəsmiləşib.
Bosniya və Herseqovina B qrupunu 4 xalla üçüncü pillədə başa vurub. Şotlandiya isə C qrupunda 3 xalla üçüncü olub. Dünya çempionatının reqlamentinə əsasən, hər qrupdan ilk iki komanda, həmçinin üçüncü yeri tutan ən yaxşı səkkiz komanda pley-off mərhələsinə yüksəlir.
Şotlandiyanın məğlubiyyətindən sonra ən azı dörd qrupda üçüncü yeri tutacaq komandaların Bosniya və Herseqovina millisini qabaqlaya bilməyəcəyi dəqiqləşib. Bununla da Balkan təmsilçisi növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib.
Qeyd edək ki, Bosniya və Herseqovina yığması dünya çempionatında ilk dəfə 2014-cü ildə iştirak edib. Komanda həmin turnirdə bir qələbə qazanıb, iki dəfə məğlub olaraq qrup mərhələsini keçə bilməmişdi.