BAKI, 21 iyun. TELEQRAF

“Tottenhem” “Nyukasl”ın futbolçusu Sandro Tonalini transfer etmək istəyir.

Teleqraf “Talksport”a istinadla xəbər verir ki, London klubu italiyalı yarımmüdafiəçi üçün “Nyukasl”la danışıqlara başlayıb.

“Tottenhem”in baş məşqçisi Roberto De Zerbi 26 yaşlı futbolçunun keçidində maraqlıdır. “Nyukasl” isə Tonalini ən azı 90 milyon funt-sterlinqə satmağa hazırdır. Bu məbləğ təxminən 105 milyon avroya bərabərdir.

Tonali ilə “Arsenal” və “Mançester Siti”nin də maraqlandığı bildirilir. Futbolçunun özü isə gələcəkdə “Milan”a qayıtmaq ehtimalını istisna etmir. Bununla belə, onun London klublarından birinə keçidə açıq olduğu qeyd olunur.

“Tottenhem” Tonalini transfer edə bilməsə, yarımmüdafiə xətti üçün digər variantlara yönələcək. London təmsilçisinin siyahısında “Vest Hem”dən Mateus Fernandes və “Aston Villa”dan Adam Uorton da var.

Qeyd edək ki, Tonalinin “Nyukasl”la müqaviləsi 2029-cu ilin yayına qədərdir.