BAKI, 19 iyun. TELEQRAF

İran Futbol Federasiyası FIFA-ya şikayət göndərəcək.

Teleqraf France24 nəşrinə istinadən xəbər verir ki, buna səbəb milli komandanın dünya çempionatı zamanı səfərlərlə bağlı ABŞ tərəfindən tətbiq olunan məhdudiyyətlərlə üzləşməsidir.

Belə ki, yığmanın ABŞ-yə daxil olmasına yalnız DÇ-2026-nın ikinci turunda iyunun 21-də Belçikaya qarşı keçiriləcək oyundan bir gün əvvəl icazə verilib.

Federasiyanın məlumatına görə, İran millisi turnirə hazırlıq qrafikini əvvəlcədən təqdim etsə də, təşkilatçıların tətbiq etdiyi məhdudiyyətlər məşqçi heyətinin planlarına mənfi təsir göstərib.

İran tərəfi qarşılaşmanın yerli vaxtla saat 12:00-da başlayacağını nəzərə alaraq, komandanın Los-Ancelesə oyundan iki gün əvvəl gəlməsinə icazə verilməsini istəyib. Lakin müraciət qəbul edilməyib.

Qeyd edək ki, İran millisi DÇ-2026-nın ilk turunda Yeni Zelandiya ilə 2:2 hesablı heç-heçə edib. Bu görüşdən sonra komanda Los-Ancelesi tərk edib.