BAKI, 28 aprel. TELEQRAF

İtaliya futbolunda kuryoz hadisə baş verib.

Teleqraf "La Repubblica" nəşrinə istinadla xəbər verir ki, VAR hakimlərinin oyun epizodlarında necə davranmalı olduqlarını göstərən gizli jest və siqnallar sistemi üzə çıxıb.

Məlumata əsasən, Lissone şəhərində yerləşən, A və B Seriyası oyunlarının canlı izlənildiyi VAR mərkəzinə icazəsiz daxil olan şəxsin kimliyi müəyyən edilib. Araşdırma zamanı həmin şəxsin İtaliya çempionatlarında hakim təyinatlarına cavabdeh olan Canluka Rokki olduğu aşkarlanıb.

İddialara görə, Rokki bəzi mübahisəli epizodlarda VAR hakimlərinin qərarlarına dolayı təsir göstərmək məqsədilə “gizli kod” hazırlayıb. İstintaq materiallarında qeyd olunur ki, istifadə olunan jestlərin konkret mənaları olub.

Belə ki, gizli kodlarda qaldırılmış əl "VAR müdaxilə etməsin", sıxılmış yumruq isə "VAR müdaxilə etsin" mənasını daşıyıb.

Qeyd edək ki, Rokki yaşanan qalmaqaldan sonra istefa verib.