BAKI, 27 aprel. TELEQRAF
Portuqaliyanın “Benfika” klubu mövsümün sonunda baş məşqçi Joze Mourinyo ilə yollarını ayıra bilər.
Teleqraf “A Bola”ya istinadən xəbər verir ki, 2027-ci ilə qədər müqaviləsi olan 63 yaşlı mütəxəssisin komandada qalıb-qalmayacağı əsasən klub prezidenti Rui Koştanın qərarından asılıdır.
Mənbə bildirir ki, hazırda üç əsas ssenari nəzərdən keçirilir. Birinci varianta görə, Koşta baş məşqçi ilə yolları ayırmaq qərarına gələ bilər. Bu halda müqaviləyə əsasən təxminən 3 milyon avro məbləğində təzminat ödəniləcək.
İkinci ehtimal Mourinyonun öz təşəbbüsü ilə ayrılmasıdır. Təcrübəli mütəxəssisə bir neçə klubun maraq göstərdiyi bildirilir. Onların arasında “Real Madrid” də var. Bu ssenari baş tutarsa, təzminatı Mourinyonun özü ödəməli olacaq.
Üçüncü variant isə müqavilənin uzadılmasıdır. Bu halda tərəflər yeni razılaşma imzalayacaq və mövcud müqavilədə yer alan sərbəst qalma maddəsi ləğv ediləcək.
Qeyd edək ki, Mourinyo 2025-ci ilin sentyabrından “Benfika”nın baş məşqçisidir.