BAKI, 13 mart. TELEQRAF
Fransanın "La Provence" nəşri "Marsel"in idman direktoru Medhi Benatiaya qarşı ciddi ittihamlar irəli sürüb.
Teleqraf xəbər verir ki, nəşrin apardığı üçmərhələli araşdırma çərçivəsində dindirilən 20-yə yaxın anonim mənbə, Benatianın klub daxilindəki nüfuzunun həddindən çox artdığını və bütün işçilərə müdaxilə etdiyini bildirib.
İdman direktorunun fəaliyyəti komanda daxilində bir neçə ciddi münaqişəyə səbəb olub. Əsas gərginliyin baş məşqçi Roberto De Dzerbi ilə yaşandığı və məhz Benatianın müdaxilələrinin italiyalı mütəxəssisin istefası ilə nəticələndiyi iddia edilir.
Bundan əlavə, hücumçu Meyson Qrinvudun da direktorla münasibətlərinin kəskinləşdiyi vurğulanır. Benatianın ingiltərəli futbolçunun çıxışını və komandaya sadiqliyini mütəmadi olaraq tənqid etməsi, oyunçunun klubdan ayrılmaq həddinə çatmasına səbəb olub. Hətta klub rəsmilərindən birinin bu münaqişələr zəminində polisə şikayət etdiyi də gələn xəbərlər arasındadır.
Qeyd edək ki, "Marsel" hazırda Liqa 1-də 46 xalla üçüncü pillədə qərarlaşıb.