BAKI, 23 fevral. TELEQRAF
PSJ klubunun qapıçısı Lüka Şevalye oyun praktikasının çatışmazlığı səbəbindən Fransa milli komandasının dünya çempionatı üçün nəzərdə tutulan yekun heyətindən kənarda qala bilər.
Teleqraf xəbər verir ki, bu barədə “L’Équipe” nəşri məlumat yayıb.
24 yaşlı qolkiperin Paris təmsilçisinin son oyunlarında ehtiyat skamyasında qalması və Matvey Safonovla rəqabətdə əsas heyətdəki yerini itirməsi milli komandanın məşqçilər heyətində ciddi narahatlıq yaradıb.
Əgər Şevalye yaxın müddətdə klubundakı statusunu dəyişə bilməsə, onun martda keçiriləcək toplanışa dəvət almaq şansları minimuma enəcək.
Vəziyyətin ciddiliyini nəzərə alan millinin qapıçılar üzrə məşqçisi Frank Ravio artıq alternativ namizədləri nəzərdən keçirməyə başlayıb. Hazırda İtaliyanın “Komo” klubunda çıxış edən Jan Büte və “Lans”ın qolkiperi Roben Risser yaxından izlənilən əsas namizədlər sırasındadırlar.
Qeyd edək ki, Lüka Şevalye Fransa yığmasının heyətində cəmi bir oyun keçirib və o, debütünü məhz DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan millisinə qarşı keçirilən görüşdə (3:1) edib.