BAKI, 25 yanvar. TELEQRAF

“Qarabağ” Azərbaycan Premyer Liqasının XVII turunda “Kəpəz”ə 0:2 hesabı ilə məğlub oldu. Ağdam təmsilçisinin almaniyalı qapıçısı Fabian Buntiç oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Teleqraf-ın əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

– “Kəpəz”in qapısına qol vura bilmədən məğlub oldunuz. Rəqib 24 ildən sonra sizi məğlub edə bildi…

– Bəli, qol vura bilmədik. Qarşılığında qapımızdan iki bəsit top buraxdıq. Top bizdə olduğu iki epizodda onu itirdik. Sonda da çox qol imkanı yarada bilmədik. Buna görə qalib gəlməli olduğumuz oyunda uduzduq. Rəqib çox yaxşı mübarizə apardı, hər topu blokladı. Ona görə onların qələbəsinə haqq qazandırmaq lazımdır.

– “Liverpul”la oyun ərəfəsində bu gözlənilməz məğlubiyyət olmadımı? Ümumiyyətlə, həmin oyuna hansı motivasiyada hazırlaşırsınız?

– Yox, bunu demək asandır. Heyətdə dəyişikliklər etdik və Premyer Liqada yaxşı çıxış etmək üçün “ev tapşırığımız” var idi. Təəssüf ki, ən yaxşı performansımızı göstərə bilmədik və buna görə uduzduq. Amma burada “Liverpul” haqqında düşünmək olmaz, çünki bu vacib oyun idi. Biz bu oyunu düşünürdük.

– Rəqibin uzaqdan zərbə ilə çərçivəyə qovuşdurduğu ikinci qolda səhvinizin olduğunu düşünürsünüz?

– Bilmirəm nə deyim, belə şeylər olur. Zərbə pis deyildi, amma düşünürəm ki, mən də daha yaxşı çıxış edə bilərdim. Top qapı dirəyinə dəydi. Müdaxilə etməyə çalışsam da, uğursuz oldu. Digər tərəfdən, bir az da şansımız yox idi. Birinci qolda da top kiməsə toxundu və qapıya qayıtdı. Ona görə şans yanımızda deyildi. Bu qədər. Şansın bəzən bizə qayıtması üçün çox işləməliyik. Xüsusən də ən yaxşı durumda olmadığımız vaxtlarda istəmədiyimiz istiqamətə getməmək üçün.

– “Qarabağ”da əsas heyətdə yerinizi itirmisiniz. Bu, komandadan ayrılmağınızı sürətləndirə bilər?

– Əlbəttə, oynamamaq mənə də təsir edir. Keçən il demək olar ki, bütün ili oynamadım. Daha çox oynamaq istəyirəm. Amma burada olmaqdan da məmnunam.

– Bu halda ehtiyatda oturmaq üçün səbriniz var?
– Oynamaq həmişə yaxşıdır. Əlbəttə, daha çox meydanda olmaq istəyirəm. Bir ilə yaxın az oynamışam — bir-iki oyun oldu, amma çox deyil. Təbii ki, hər zaman oynamaq istəyirsən. Amma buradasansa, ən yaxşısını etməlisən. Deyə biləcəyim tək şey budur. “Qarabağ” üçün əlimdən gələni edəcəyəm, vəssalam.

– Yayda heç nə dəyişməsə, komandadan gedəcəksiniz, yoxsa qalacaqsınız?

– Bilmirəm. Baxacağıq. İndi oyundan-oyuna düşünməliyik. Yay hələ çox uzaqdadır və mən buna fokuslanmamışam. Hazırda diqqətim sadəcə öz komandamdadır. Daha çox oyun vaxtı qazanmaq üçün əlimdən gələni etməyə çalışıram. Ümumilikdə komanda üçün bir az da şansı geri qaytarmağa çalışırıq.