BAKI, 13 yanvar. TELEQRAF

Afrika Millətlər Kubokunun ən yaddaqalan simalarından biri, Konqo Demokratik Respublikasının azarkeşi Mişel Kuka Mboladinqa ölkə rəhbərliyi tərəfindən mükafatlandırılıb.

Teleqraf xəbər verir ki, turnir boyu Milli Qəhrəman Patris Lumumbanın obrazında tribunalarda hərəkətsiz dayanaraq müstəqillik simvoluna çevrilən 53 yaşlı azarkeşin bu hərəkəti Konqo Demokratk Respublikasının Prezidenti Feliks Tşisekedanın diqqətindən yayınmayıb.

Dövlət başçısı Mboladinqaya üzərində “Cadeau du president” (Prezidentin hədiyyəsi) yazılmış yeni avtomobil hədiyyə edib. Yaxın günlərdə azarkeşin prezidentlə şəxsi görüşü də planlaşdırılır.

Mboladinqanın məşhurlaşması meydanda maraqlı hadisələrlə müşayiət olunub. Onun azarkeşliyi etdiyi milli turnirin 1/8 finalında Əlcəzair yığmasına 0:1 hesabı ilə uduzduğu oyunda rəqibin oyunçusu Amin Amur tərəfindən parodiya edilib. Bu, konqolular tərəfindən Milli Qəhrəmanın xatirəsinə hörmətsizlik kimi qiymətləndirilib və böyük narazılığa səbəb olub.

1/4 finalda Nigeriya yığması Əlcəzairi 2:0 hesabı ilə məğlub edərək turnirdən kənarlaşdırıb. Nigeriyanın hücumçusu Akor Adams vurduğu qoldan sonra məhz Patris Lumumbanın məşhur pozasını alaraq hərəkətsiz dayanıb. Bu jest həm Mboladinqaya dəstək, həm də əlcəzairli futbolçunun hərəkətinə cavab kimi qəbul edilib.

Qeyd edək ki, Patris Lumumba Konqo Demokratik Respublikasının müstəqillik mübarizəsinin rəmzi və ölkənin ilk Baş naziri olub. O, Afrika birliyinin tərəfdarı olaraq irqçilik və müstəmləkəçiliyə qarşı çıxış edirdi ki, bu da onu təkcə Konqoda deyil, bütün qitədə qəhrəmana çevirib.