BAKI, 17 sentyabr. TELEQRAF

Türkiyənin “Reyhan Sarı” yük gəmisinə Qara dənizdə edilən və bir türk dənizçinin ölümü ilə nəticələnən hücumla bağlı toplanmış materiallar Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) təqdim edilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin “HaberDenizde” portalı iddiaçıların vəkili Nuri Koray Kuruna istinadən məlumat yayıb.

Bildirilib ki, Haaqada BCM prokurorunun ofisinə rəsmi müraciət edilib və iş üzrə toplanmış sübutlar təqdim olunub. Müraciət ilkin araşdırmadan keçdikdən sonra iş üzrə istintaqın başlanıb-başlanmaması barədə qərar veriləcək. Vəkilin sözlərinə görə, ilkin mərhələ təxminən altı ay, bütün proses isə iki ilədək davam edə bilər.

Şikayətçilər arasında gəmi sahibi, hücum zamanı gəmidə olan 12 ekipaj üzvü və həlak olan 54 yaşlı dənizçi Savaş Çakırın ailəsi var.

Türkiyə tərəfinin müraciətində hücumun Ukrayna tərəfindən həyata keçirildiyi iddia olunur. Vəkil bu iddianı təsdiqlədiyini bildirdiyi konkret məlumat və görüntülərin məhkəməyə təqdim edildiyini deyib.

İddiaçılar hadisənin BCM-nin Roma Statutunun insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri ilə bağlı 7 və 8-ci maddələri çərçivəsində araşdırılmasını istəyirlər.