BAKI, 17 sentyabr. TELEQRAF

Ukraynanın keçmiş baş prokuroru Ruslan Kravçenko ətrafında yaranan korrupsiya qalmaqalı ölkədə ciddi büdcə kəsirinin olduğu bir dövrə təsadüf edib.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

Nəşr qeyd edir ki, qalmaqal Prezident Volodimir Zelenski üçün çoxsaylı korrupsiya işləri fonunda həssas məqamda baş verib. Qəzetin qiymətləndirməsinə görə, yeni korrupsiya iddiaları böyük büdcə kəsiri ilə üzləşən Ukrayna üçün xüsusilə həssasdır və Avropadakı tərəfdaşların münasibətinə təsir göstərə bilər.

Sentyabrın 4-də Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu (SAP) Baş Prokurorluğun struktur bölmələrindən birinin rəhbər müavininin başçılıq etdiyi iddia olunan cinayətkar təşkilatın ifşası üzrə əməliyyat keçirildiyini açıqlayıb. İstintaqın versiyasına görə, qrup dələduzluqla məşğul olan çağrı mərkəzlərini himayə edib və əmlakın leqallaşdırılması ilə məşğul olub.

İş çərçivəsində Ruslan Kravçenkonun da evində axtarış aparıldığı bildirilir. O, sentyabrın 7-də istefa ərizəsi verdiyini açıqlayıb.

Sentyabrın 15-də Ukrayna Ali Radası Kravçenkonun baş prokuror vəzifəsindən azad edilməsinə səs verib.