Avqustun 26-da Nepalda baş verən daşqınlar nəticəsində ölənlərin sayı 1403-ə çatıb.

Teleqraf xəbər verir ki, son məlumatlara görə, 6150 nəfər itkin düşmüş hesab olunur. Onların arasında 600-dən çoxu əcnəbidir. Rusiya səfirliyinin sərəncamında olan itkin düşmüş şəxslərin siyahısında 11 rusiyalı var.

Xilasedicilər dağıntıları və su basmış əraziləri təmizləməyə davam edirlər. Son həftələrdə 13.700-dən çox insan xilas edilib.

Qeyd edək ki, avqustun sonlarında Nepalın şimalında güclü daşqın olub. Təbii fəlakətə Çinlə sərhəddə, Rasuvagadhi sərhəd keçid məntəqəsindən təxminən 20 km şimal-şərqdə uçqun düşməsi səbəb olub. Dağ qayalarının axını çay yatağı boyunca 70 km-dən çox məsafəni böyük sürətlə qət edərək yaşayış məntəqələrini dağıdıb və böyük bir ərazini su basıb.