BAKI, 17 sentyabr. TELEQRAF

ABŞ administrasiyası Çin Sədri Si Cinpinin Vaşinqtona mümkün səfəri zamanı dünyanın aparıcı texnologiya şirkətlərinin rəhbərləri ilə yüksək səviyyəli görüş keçirməyi nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, görüşə “OpenAI”, “Nvidia”, “Meta”, “Anthropic”, “Google” və “SpaceX/xAI” şirkətlərinin rəhbərlərinin qatılması nəzərdə tutulur. Müzakirələrin əsas mövzularının ABŞ-nin süni intellekt texnologiyalarındakı rolu və bu sahədə mövcud təhlükəsizlik riskləri olacağı bildirilir.

CNN qeyd edir ki, təşəbbüs ABŞ Prezidenti Donald Tramp ilə bir sıra aparıcı süni intellekt şirkətlərinin rəhbərləri arasında texnologiyanın sürətli inkişafının doğura biləcəyi risklərlə bağlı fikir ayrılıqları fonunda müzakirə olunur. “OpenAI” rəhbəri Sem Altman və “Anthropic”in baş direktoru Dario Amodei süni intellektin nəzarətsiz inkişafının təhlükələri barədə xəbərdarlıq ediblər.

ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson görüşün hazırlıq mərhələsində olduğunu və gələn həftə keçirilə biləcəyini bildirib. CNN-in məlumatına görə, Vaşinqtonda süni intellekt sənayesinin nümayəndələri, qanunvericilər və administrasiya rəsmilərinin bir araya gətirilməsi ilə bağlı müzakirələr aparılır.

Tramp daha əvvəl Si Cinpinin sentyabrın 24-də Vaşinqtona səfər edəcəyini gözlədiyini açıqlayıb.