BAKI, 17 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Kanada mənşəli məhsulların federal dövlət satınalmaları sistemindən çıxarılması istiqamətində tədbirlərin görülməsinə göstəriş verib.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumatda bildirilib. Tramp bununla bağlı prezident memorandumu imzalayıb.

Sənədə əsasən, Ağ Evin İnzibati-Büdcə İdarəsi və ABŞ-ın Ticarət Nümayəndəliyi müvafiq qurumlarla birlikdə dövlət satınalmalarında Kanada mənşəli məhsulları müəyyənləşdirməli və onların satınalmadan çıxarılması və ya alış üçün əlçatmaz elan edilməsi istiqamətində tədbirlər görməlidir.

Ağ Evin məlumatına görə, Kanada şirkətlərinin ABŞ-ın 280 milyard dollardan çox həcmə malik dövlət satınalmaları bazarına güzəştli çıxışı var. Vaşinqton isə ABŞ şirkətlərinin Kanadada eyni şərtlərlə üzləşmədiyini bildirir.

Memorandum həmçinin ABŞ-ın Ticarət Nümayəndəliyinə Kanada hökumətinin dövlət satınalmalarında Amerika mənşəli məhsullara münasibətini izləmək tapşırığı verir.