BAKI, 17 sentyabr. TELEQRAF
ABŞ-nin orbital silahları Rusiya və Çinin peyklərinə qarşı istifadə oluna biləcək hərbi arsenalın kosmik komponentinə çevrilib.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentliyin məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələrinin ölkənin kosmosda silahlara malik olduğunu açıqlaması onların imkanları ilə bağlı müxtəlif ehtimallar yaradıb. Bununla belə, orbital sistemlərin konkret imkanları barədə məlumatlar məhduddur.
ABŞ-nin indiyədək istifadə etdiyi yerüstü sistemlər Rusiya və Çinin rabitə peyklərinin fəaliyyətini müvəqqəti pozmaq üçün nəzərdə tutulub və onların fiziki məhvinə hesablanmayıb.
ABŞ arsenalına 2020-ci ildən istifadədə olan “Counter Communications System”, iyuldan istismar edilən daha kompakt və mobil “Meadowlands”, həmçinin yerləşdirilməsi başa çatmaq üzrə olan “Remote Modular Terminal” sistemi daxildir.
ABŞ Hərbi Hava Qüvvələrinin naziri Troy Meynk daha əvvəl ölkəsinin kosmik məkana nəzarət üçün orbital silahlara malik olduğunu açıqlayıb.